Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 11:07

91

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyələrin DSMF borclarını necə aradan qaldırmaq olar? TƏKLİF


Bu gün ölkə bələdiyyələrinin inkişafı, yerli özünüidarəetmə orqanlarının maliyyə bazasının möhkəmləndirilməsi, vergi-uçot sisteminin təkmilləşdirilməsi istiqamətində Prezident Administrasiyasının Bələdiyyələrlə iş sektoru, Ədliyyə Nazirliyinin müvafiq qurumları, eləcə də milli bələdiyyə assosiasiyaları tərəfindən ardıcıl layihələr həyata keçirilir. Atılan addımların nəticəsi olaraq cəmiyyətdə bələdiyyələr haqqında mövcud olan mənfi fikirlər tədricən aradan qalxmaqdadır.

Müşahidələr göstərir ki, bələdiyyələr öz ərazilərində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən layihələrə dəstək verməklə yanaşı, özləri də ərazilərin sosial-iqtisadi inkişafına ciddi töhfə verirlər.

Lakin əvvəlki illərdə bələdiyyələrə rəhbərlik etmiş bəzi sədrlərin məsuliyyətsizliyi və təcrübəsizliyi, eləcə də ayrı-ayrı hallarda yaranmış problemlərin vaxtında həllinə lazımi dəstəyin göstərilməməsi nəticəsində yerli özünüidarəetmə orqanlarının Dövlət Sosial Müdafiə Fonduna (DSMF) külli miqdarda borcu yaranıb.

Əvvəlki illərdə 12 milyon manatı keçən borcun həcmi yuxarıda qeyd olunan qurumların birgə fəaliyyəti nəticəsində bu gün təxminən yarıbayarı azaldılıb. Bununla belə, son üç il ərzində borcun ümumi həcmi 7 milyon manat ətrafında dəyişir.

Hazırda Gədəbəy, Tərtər, Kürdəmir, Biləsuvar, Oğuz, Quba, Xaçmaz, Şabran, Astara, Yardımlı, Saatlı və Sabirabad rayonlarında, eləcə də paytaxtın bir sıra rayonlarında formaşalan  bələdiyyələrin DSMF-yə ümumi borcu təxminən 7 milyon manat təşkil edir. Ayrı-ayrı bələdiyyələr üzrə borcun məbləği 50 min manatdan 800 min manatadək dəyişir.

Bələdiyyələrin birləşdirilməsi zamanı yeni formalaşdırılan bələdiyyələrin əvvəlki dövrlərdən qalan borclarının sıfırlanması təklif olunsa da, təəssüf ki, bu məsələ öz həllini tapmadı.

DSMF-nin paylaşdığı hesabatlarda 2025-ci ilin iyul ayına olan məlumata əsasən, bələdiyyələrin borcunun 7 milyon 699 min 320 manat təşkil etdiyi göstərilib. Cari ilin oktyabrın 1-nə olan vəziyyətə görə isə borcun həcminin 7 milyon manat ətrafında olduğu bildirilir.

Hazırda bələdiyyələr mövcud borcların ödənilməsi istiqamətində ciddi səylər göstərirlər. Lakin əsas problem ondan ibarətdir ki, 2015-ci ilədək bələdiyyələrə rəhbərlik etmiş şəxslərin fəaliyyəti dövründə yaranmış borcların məbləği kifayət qədər yüksəkdir. Həmin borclara hesablanan faiz və dəbbə pulları da ümumi məbləğin artmasına səbəb olur. Bu səbəbdən borcların tam ödənilməsi üçün bələdiyyələrə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi vacibdir.

Hazırda növbəti il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Layihədə bələdiyyələrə 7,5 milyon manat məbləğində dotasiyanın və 1,55 milyon manat məbləğində subvensiyanın ayrılması nəzərdə tutulur. Təəssüf ki, bələdiyyələrə ayrılan bu vəsaitlərin həcmi əvvəlki illərlə müqayisədə dəyişməz qalıb. Bundan əlavə, büdcədə nəzərdə tutulmasına baxmayaraq, son iki il ərzində subvensiya layihələri üzrə bələdiyyələrə vəsait ayrılmadığı bildirilir.

Hesab edirəm ki, bələdiyyələrin üzləşdiyi bu problemin həlli üçün dövlət büdcəsindən ayrılan dotasiyanın həcminin artırılması imkanları nəzərdən keçirilməlidir. Eyni zamanda, bələdiyyələrin əvvəlki illərdən qalan DSMF borclarının ödənilməsi məqsədilə ayrıca dövlət dəstəyi mexanizminin yaradılması məsələsi də müzakirəyə çıxarılmalıdır.

Bununla yanaşı, gələcəkdə analoji halların qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Xüsusilə, “Bələdiyyələrin statusu haqqında” Qanunda bələdiyyə sədrlərinin rəhbərlik etdikləri dövrdə borcların yaranmasına səbəb olan qərar və hərəkətlərinə görə məsuliyyət məsələsinin hüquqi baxımdan dəqiqləşdirilməsi məqsədəuyğun olardı. Bu, həm maliyyə intizamının gücləndirilməsinə, həm də bələdiyyə vəsaitlərindən daha səmərəli istifadə olunmasına xidmət edər.

Dövlət tərəfindən müvafiq maliyyə dəstəyinin ayrılması ilə paralel olaraq, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları çərçivəsində əlaqələndirici işçi qrupunun yaradılmasını da təklif edirəm. Həmin işçi qrupu mövcud borcların yaranma səbəblərini və strukturunu təhlil edə, onların mərhələli şəkildə ödənilməsi üzrə təkliflər hazırlaya, eləcə də növbəti illər üçün strateji yol xəritəsi müəyyənləşdirə bilər.

Sonda Milli Məclisin deputatlarına, xüsusilə Regional məsələlər komitəsinin üzvlərinə müraciət edərək qaldırılan məsələyə münasibət bildirmələrini və bələdiyyələrin fəaliyyətinə ciddi maneə yaradan bu problemin həlli istiqamətində dəstək göstərmələrini xahiş edirəm.

İnanıram ki, dövlət qurumlarının, Milli Məclisin və bələdiyyə assosiasiyalarının birgə səyləri nəticəsində bu problemin həlli istiqamətində real addımlar atmaq, bələdiyyələrin maliyyə dayanıqlığını gücləndirmək və yerli özünüidarəetmənin inkişafına daha əlverişli şərait yaratmaq mümkün olacaq.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026
964